Yanşaq kəndinə hücum zamanı ermənilərin yolun kənarına yüzlərlə mina tökdüyünü gördük - mayor Gəray Əsədov 

15:10 08.06.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Əlbəttə, çox üzücü xəbər oldu. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Onu deyim ki, 1-ci Qarabağ müharibəsi zamanı biz özümüz müəyyən əraziləri minalayarkən formulyarları tərtib etməyə vaxt tapmırdıq. Reallıq budur ki, o dövrdə erməni hərbçilər də bizi kimi bir sıra minalı sahələrin xəritələrini tərtib etməyiblər. Budəfəki savaşda xəritələrin çoxu, yəqin ki, tərtib olunub.  Ermənistan onları Azərbaycana təhvil verməyə məcbur edilməlidir…

Bu fikirləri hafta.az-a 1992-1994-cü illərdə Kəlbəcər və Laçın istiqamətində Ermənistanla sərhəddə, eləcə də Murovdağ istiqamətindəki əməliyyatlarda iştirak etmiş istefada olan mayor Gəray Əsədov Kəlbəcərdə son mina faciəsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Kəlbəcərdə 3 soydaşımızın həlak olmasına səbəb olmuş minanın yaxın müddətdə basdırıldığı bəlli olur. Bu, açıq diversiyadır. Yaxşı olar ki, əraziyə mülki şəxslər gələndə mühəndis-istehkamçılar işlək yolları da yenidən yoxlasınlar:

"O vaxt 1993-1994-cü illərdəki Murovdağ əməliyyatı zamanı mən Susuzluqda da olmuşdum. Daşkəsən istiqamətindən – Böyük Hinaldağ zirvəsindən enəndə Murovdağın şimal yamacında yerləşir. Yadımdadır ki, Kəlbəcərin Yanşaq kəndi istiqamətindən hücuma keçəndə gördük ki, ermənilər yolun kənarına yüzlərlə mina töküblər. Ancaq basdırmağa çatdırmayıb qoyub qaçmışdılar. Təəssüf ki, Murovdan aşağı düşəndə bizim böyük buldozerlər minaya düşmüşdü…

Onu da deyim ki, Ermənistanla sərhəddə yerləşən  Kəlbəcər və Laçın rayonları  geniş və mürəkkəb relyefə malik bir ərazidir.  Sərhədlərimiz tam bərkidilib bağlananadək, Qarabağdakı bütün erməni hərbi birləşmələri çıxarılanadək belə hadisələr gözlənilir. Odur ki, həm piyada, həm də avtomobildə gedən şəxslər ehtiyatlı olmalıdır. Onu da nəzərə almaq lazımdır ki, 30 ilə yaxın müddətdə davam etmiş işğaldan sonra 44 günlük savaşda böyük uğur qazansaq da, bundan sonrakı işlərin də miqyası böyükdür, bunları qısa müddətdə həll etmək mümkün deyil. Ona görə də dövlətimiz ağıl, səbir və təmkinlə işini davam etdirərək işğaldan azad ərazilərdə tam təhlükəsizliyi təmin etməli və məskunlaşdırma işlərini sona çatdırmalıdır".